14 Mart 2017 11:39
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin apelyasiya instansiyasının ilkin baxış qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasından verilən kasasiya şikayəti üzrə dinləmə olub.


Kasasiya şikayətində göstərilib ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layicov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət veriblər.

Lakin apelyasiya instansiyasında işə baxan hakimlər işin məhkəmə istintaqı ilə aparılmadan, digər vəsatətlərin təmin edilməməsi barədə qərar qəbul ediblər.

Qərardan Cahangir Hacıyevin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti veriblər.

Prosesdə çıxış edən vəkillər kasasiya şikayətlərinin təmin edilməsini, apelyasiya şikayətlərinə tam istintaq aparılmaqla baxılmasını istəyiblər. Hakimlər kasasiya şikayətlərinin təmin edilməməsi barədə qərar qəbul ediblər.

Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Cahangir Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər