27 Mart 2017 17:27
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Vəli Cəlalovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses martın 30-da davam edəcək.

İttihama görə, Vəli Cəlalovun dələduzluqla ələ keçirildiyi iddia olunan əşyalar arasında polad, qızıl və gümüş materiallardan hazırlanmış iki ov tüfəngi ilə yanaşı, üzərində zümrüd, yaqut qaşlar olan iki qılınc da var.

Həmin silahlardan biri Almaniyada vaxtilə Adolf Hitlerin ən yaxın adamlarından olan Albert Şpeyerin adına hazırlanmış qızıl silahdır.

Azərbaycan Milli İncəsənət Muzeyində Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, bu əşyaların tarixi, kolleksion əhəmiyyəti var. Ov tüfənglərinin biri 1936-cı ildə Almaniyada Şpeyerin, o biri isə 1909-cu ildə Fransada Joseph Gallieninin adına hazırlanıb.

İstintaq zamanı tüfənglərin hər biri 50 min, 17-18-ci əsrə aid qılınclar isə 30 min manat dəyərləndirilib. Vəli Cəlalov ümumilikdə 160 min manat ziyan vurmaqla dələduzluq etməkdə suçlanır. Ona dələduzluqla yanaşı, qanunsuz silah saxlama maddəsi ilə də ittiham verilib.

Ələ keçirildiyi iddia olunan əşyalar Cavid Bağırovundur, ona da babasından qalıb.

Təqsirləndirilən Vəli Cəlalov onu ortaq tanışları Elnur Babayev vasitəsilə tanıyıb. Cavid Bağırov əşyaları satmaq istəyib. Vəli Cəlalov onları baha qiymətə sata biləcəyini deyib və metronun “Neftçilər” stansiyasının yaxınlığında Elnurla görüşüb, əşyaları götürüb. Deyib ki, əntiq əşyalar həvəskarı olan tanışı baxsın, bəyənsə, dərhal pulunu verəcək. Amma nə əşyalar qayıdıb, nə də pulu gəlib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər