5 Aprel 2017 13:06
2 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə diş həkimi olan Elsevər Ağayevi qətlə yetirməkdə günahlandırılan Şamaxı rayonunun Dəmirçi kənd sakini Oqtay Mürsəlov və Vasif Soltanovun kasasiya şikayətinə baxılıb.


Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrini sübuta yetirilməmiş hesab ediblər və həmin maddələr üzrə təqsirləndirilən şəxslərə bəraət verilib. Onlara həmin maddələrlə bəraət verilsə də, qətl ittihamı üzrə məhkum olunublar və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.

Bu qərardan təqsirləndirilənlər Ali Məhkləməyə müraciət ediblər. Onlar kasasiya şikayətlərində cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı kasasiya şikayəti veriblər. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kasasiya şikayəti üzrə qərar elan edilib. Kasasiya şikayəti qismən təmin edilib.

Hər iki təqsirləndirilən şəxsə təyin edilmiş 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 14 il 5 aya endirilib. Hökm qalan hissədə dəyişdirilməyib.


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 177.2.1, 177.2.2-ci (oğurluq), 178.3.2-ci (dələduzluq), 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə ittiham ediliblər.

İttihama görə, Ağdaş şəhər sakini Elsəvər Məmmədovun ötən il dekabrın 3-də idarə etdiyi “VAZ-2106” markalı 10 EK 970 dövlət nömrə nişanlı avtomobillə evdən çıxaraq geri qayıtmaması faktı əsasında dekabrın 29-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Ağdaş Rayon Prokurorluğuna tapşırılıb.

Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Məmmədovun Şamaxı rayon sakinləri Oqtay Mürsəlov və Vasif Soltanov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Araşdırmalarla həmçinin o da müəyyən edilib ki, Elsevər Məmmədov tanışı Oqtay Mürsəlovun vasitəsilə ayrı-ayrı şəxsləri işə düzəltmək üçün sonuncuya 2012-ci ilin oktyabr ayında İsmayıllı rayonunda 7.500 manat pul verib.

Dekabrın 3-də saat 16.00 radələrində isə Ağdaş rayonundakı evindən çıxaraq yenidən onunla görüşmək üçün Qəbələ-İsmayıllı istiqamətində yola düşüb.

Görüşdən sonra Oqtay Mürsəlov tanışı Vasif Soltanovla qabaqcadan cinayət əlaqəsinə girərək tamah məqsədi ilə Elsevər Məmmədovu Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində boğaraq qətlə yetirib və meyiti Pirqulu kəndi ərazisində basdırıblar.

Elsevər Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili isə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində gizlədiblər.

Elsevər Məmmədov diş həkimi olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər