5 Aprel 2017 19:58
6 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətl törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakinləri – 1983-cü il təvəllüdlü Anar Baxışalıyev, 1986-cı il təvəllüdlü Qurban Baxışalıyev, 1991-ci il təvəllüdlü Valeh Baxışalıyev və 1977-ci il təvəllüdlü Zaur Baxışalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Anar Baxşalıyev 30 dekabr 2013-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində “Makarov” markalı tapançadan açdığı atəşlə Vüsal Abdullayev, Əli Qarayev və Zahid Qarayevi güllələyib. Hadisə zamanı Zahid Qarayev ölüb, digər iki yaralı isə xəstəxanada müalicə olunub.

Qətl

Qurban Baxşalıyev qohumu Anar Baxşalıyevin əmisi qızı Aysunun şərəf və ləyaqətini qorumaq üçün Vüsal Abdullayevə tapançadan atəş açıb.

Bu hadisədən sonra Anar Baxışalıyev cinayət məsuliyyətinə cəlb edilməyib və o, yaxın qohumları tərəfindən himayə edilib. Vüsal Abdullayevin qardaşları İqbal, Dilqəm Abdullayevlər, əmiləri Zahid və Əli Qarayevlər Anar Baxışalıyevin cəzalandırılmasını tələb ediblər.

Bu məqsədlə onlar Zahir Baxşalıyev, qohumları Hüseyn Baxşalıyev və Aqil Cəfərovdan Anarın polisə təslim olmasını və qanun qarşısında cavab verməsini istəyiblər.

Onlar 30 dekabr 2013-cü il tarixdə, saat 14:35 radələrində Dilqəm və Vüsal Abdullayevlərin yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evin həyətyanı sahəsinə daxil olublar. Orada silah qismində istifadə etdiyi bıçağı əlində tutaraq Abdullayevlərin anası Gözəl Abdullayeva və digər ailə üzvləri, həmçinin qonşuluqda yerləşən evlərdə yaşayan şəxslərin rahatlığını pozublar.

Yaşlı qadına qarşı xuliqanlıq

Ucadan Gözəl Abdullayevanın övladlarının ünvanına nalayiq ifadələr işlədiblər, onlara qarşı fiziki zor tətbiq edəcəkləri ilə hədələyərək həyətdə stulda əyləşmiş 1948-ci il təvəllüdlü Gözəl Abdullayevaya heç bir əsaslı səbəb olmadan qeyri-qanuni zor hərəkətləri ilə fiziki güc tətbiq etməklə onu itələyiblər. Bu hərəkətləri ilə Gözəl Abdullayevaya xəsarətlər yetiriblər.

Eyni zamanda həyətdə olan Gözəl Abdullayevaya məxsus cəmi 15 manat dəyərində üç ədəd kauçuk materialdan hazırlanmış stulu təpiklə vuraraq sındırıblar.

Zaur Baxışalıyev həmin gün saat 11.15 radələrində Ağcabədi rayonu, Avşar kəndində yaşadığı evin yaxınlığında “dörd yol” adlanan yerdə qohumları Samir Baxşalıyev, Tuncay Həsənov, Ülfət Baxşalıyev və digərləri ilə söhbət ediblər. Bu zaman orada “Mersedes Benz C-240” markalı 90-LH-240 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Vüsal Abdullayevi əli ilə işarə edib və avtomobili saxlatdırıblar.

Avtomobilini saxlayan Vüsal Abdullayev maşından düşüb. Zaur Baxışalıyev Vüsal Abdullayevin qardaşı qızı Aysun Baxşalıyeva ilə ənənəvi nişan mərasimindən sonra nigahdan imtina edilməsi ilə əlaqədar onun ünvanına nalayiq ifadələr işlədib.

Zaur Baxışalıyev yumruqla Vüsal Abdullayevin sifətinə zərbə vuraraq üst dodağının əzilmiş yarası ilə nəticələnən xəsarət yetirib. Bu hadisələrdən sonra silahlı cinayət baş verib.

11 maddəli cinayət işi

Anar Baxışalıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4-cü ((xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə, digər təqsirləndirilən şəxslər isə həmin məcəllənin 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq törətmək) maddəsi ilə ittiham ediliblər.

“Oğlumun sağ-salamat olduğunu bildirdi”

Zərərçəkmiş Gözəl Abdullayeva bildirib ki, oğlu Vüsal qohumu Orucun qızı Aysunla nişanlanıb: “Bir müddət sonra qızın barəsində söz-söhbətlər çıxdığından aramızdakı münasibətlər pozulub və sonra nişanı qaytardıq. Dekabrın 30-da, saat 12 radələrində evdə olarkən oğlum Dilqəm, onun qayınatası Rövşən və qayınanası Zərnigar bizə gəldi. Onlar Orucun qardaşı Zaurun küçədə Vüsalı döydüyünü, Anarın isə Vüsalın avtomobilinə tapançadan atəş açdığını dedi. Bunu eşidən qayınlarım Tohid, Əli, Abdulla, Cahid, Zahid, oğlanları İntiqam, İqbal, Ehtiram və onların arvad-uşağı bizə gəldi. Lakin Vüsalın gəlmədiyini gördük. Narahatlıq keçirdiyimdən oğlum İntiqam mənə Vüsalın sağ-salamat olduğunu bildirdi”.

Gözəl Abdullayeva qeyd edib ki, həmin gün saat 13-14 radələrində həyətdə mağarın altında kauçuk stulda oturub: “Bu zaman küçədən atəş səsləri gəldi. Az sonra Zahirin oğlu Anar əlində silah atəş aça-aça yaşadığım evin həyətinə daxil oldu. Məni və qohumlarıma tərəf bir neçə dəfə atəş açdı. Həmin vaxt həyətimizdə olanların hamısi qorxudan gizləndi. Həyətdə məndən və bizə qonaq gəlmiş qaynım Zahiddən başqa heç kim qalmadı. Anarın atdığı güllələrdən biri qaynım Zahidə dəydi. O, aldığı xəsarətlərdən xəstəxanada öldü”.

Zərərçəkmişin sözlərinə görə, Anarın arxasınca onun qohumları Qurban, Valeh, Samir Baxşalıyevlər və Tuncay Həsənovdan ibarət, 18 nəfər adam əllərində tapança, balta, yaba, bıçaq və dəryazla onun həyətinə giriblər: “Onlar bizi ucadan söyməyə başladı. Həmçinin “bunun oğlanları harada gizlənib, qaçıb padvala giriblər, bu arvadı qorxularından ataraq gediblər, bunlar bizi yaxşı tanımırlar” dedilər. Onlar hamını öldürəcəkləri ilə hədələdilər. Həmin şəxslər mənim və övladlarımın ünvanına nalayiq ifadələr işlətdi. Sonra kimsə məni itələyərək oturduğum stuldan yerə yıxdı. Yerə yıxılandan sonra həmin şəxslər təpiklə bədənimin müxtəlif nahiyələrinə vurmaqla, məni döyməyə başladı. Hadisə zamanı iki dişimi sındırdılar. Yıxılarkən həm də dirsəyim sıyrıldı”.

Hökm: dəstə üzvlərinə müxtəlif cəzalar

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Baxışalıyev 14 il, Qurban Baxışalıyev 1 il 6 ay, Valeh Baxışalıyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən Zaur Baxışalıyev 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən prokurorluq narazı qalaraq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Zərərçəkmiş tərəfdə eyni tələblə apelyasiya şikayəti verib.

Təqsirləndirilən şəxslərdə apelyasiya şikayəti ünvanlayıblar. Anar Baxışalıyev cəzasının yüngülləşdirilməsini, digər təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

Tərəflərin şikayətlərinə Şirvan Apelyasiya Məhkəməsinə baxılıb. Ayrı-ayrı hakim kollegiyalarında işə baxılıb. Hakim kollegiyası prokurorluğun protestini qismən təmin edib. Məhkəmə Anar Baxışalıyevin cəzasını 14 il 6 aya qədər ağırlaşdırıb. Digər təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun protesti təmin edilməyib.

Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxslərin də şikayətlərini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər