Teleqraf.com xəbər verir ki, MTN-in polkovniki Mehman Abdullayevin cinayət işi üzrə Baş Prokurorluqda aparılan istintaq yekunlaşıb.
Onun barəsində toplanan materiallar baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İttihama görə, Mehman Abdullayev sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətirib.
Onları qanunsuz şəkildə nazirlikdə saxlayıb və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pul tələb edib.
Mehman Abdullayev Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.
Hacı Zeynalov