Teleqraf.com APA-ya istinadla xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə isə, prokurorluqda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Eşqin Murtuzov 12 may 2017-ci il tarixdə saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib.
Rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində Eşqin Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilib və tutularaq istintaqa cəlb olunub.
Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçıb. Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb. Eşqin Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.