30 May 2017 15:38
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin satışı və istifadəsində təqsirli bilinən Azər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Azər Quliyev Suraxanı rayonu, Hövsan qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində istifadə məqsədi ilə 1 qram narkotik vasitə olan kakos olub.

İttiham aktında qeyd olunur ki, daha sonra Azər Quliyev könüllü şəkildə evdə olan 400 qram kakosu da polis əməkdaşlarına təhvil verib.

Məlum olub ki, Azər Quliyev 2008-ci ildə də narkotik vasitədən istifadəyə görə məhkumluq həyatı yaşayıb.

Azər Quliyev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri əl etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) ilə ittiham olunur.

Məhkəmədə ifadə verən Azər Quliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib:

“Mən narkotikin istifadəçisiyəm. Nə satışı ilə məşğulam, nə də bu qədər narkotikim olub. Narkotik satmaq mənim həyat tərzimlə uyğun gəlmir. Yazılanlar yalandır.

Məndə cəmi 1 qram kakos evimin içində stolun üstündə olub. Dostum zəng vurub məni həyətə çağırdı. Qapını açanda polislər içəri girdi. Mənim başım xarabdır ki, 400 qramı özüm gətirim polisə verim?”

Azər Quliyev bildirib ki, əlbəyaxa döyüş üzrə nəticələri var və həbs edilənə qədər şəxsi mühafizəçi işləyib. O, polisə müqavimət göstərdiyini etiraf edib:

“Polis bir dostumu tutmaq istəyirdi. Amma mən imkan vermirdim. Mənə yaxın gələ bilmirdilər. Bir neçə dəfə mübahisəmiz olub. Ona görə də məni tutmağa 5 maşınla gəlmişdilər. Onlar mənə zor tətbiq etdilər. Buna görə də onlara müqavimət göstərdim”.

Növbəti proses mayın 31-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər