5 İyul 2017 14:39
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüsüymovun vəkili Cəlil Mirzəyev çıxış edib.

O bildirib ki, ittiham aktı mötəbər olmayan sübutlara əsaslanaraq qurulub və Beyrulla Hüseynova verilən ittiham əsasızdır.

Cəlil Mirzəyev bildirib ki, Beytulla Hüseynovun dövlətə vurduğu iddia olunan 10 milyon manatlıq ziyan tam şəkildə ödənilib. Vəkil çıxışının sonunda Beytulla Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib. O, həmçinin ittiham hökmü çıxarılan zaman Beytulla Hüseynova azadlıqdan məhrum etməni nəzərdə tutmayan cəza təyin edilməsini xahiş edib.

Oqtay Rüstəmovun vəkili çıxışında qeyd edib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. O da bəraət hökmünün çıxarılmasını istəyib.

Anar Mustafayevin vəkili Gülşən Salmanova bildirib ki, Anar Mustafayevə verilən ittihamdakı məbləğlər şişirdilib və ittihm məhkəmədə subuta yetirilməyib: "Dəymiş ziyanla bağlı ittihmı qəbul etməsə də, Anar Mustafayevin qohumları dəymiş ziyanı tam ödəyiblər. Bu da cəza təyini zamanı nəzərə alınması vacibdir".

Gülşən Salmanova müdafiə etdiyi şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqini istəyib.

Digər təqsirləndirilən Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkilinin ittiham üzrə heç bir təqsiri olmayıb: "Vidadi Zeynalov nazirliyin aparat rəhbəri olub. Sabiq nazir Əli Abbasov nə deyibsə, onu yerinə yetirib. Ona siyahı verilib və tapşırığı yerinə yetirib. Vidadi Zeynalov da digər şəxslər kimi "paket" alıb. Nazirlikdə Vidadi müəllim özündən aşağı vəzifəli şəxslərdən daha az "paket" alıb".

Ceyhun Yusifov qeyd edib ki, istintaqdakı ciddi qanun pozuntuları məhkəmədə də davam edib: "Məhkəmə dövründə çoxsaylı vəsatətlərimiz təmin olunmadı. Biz dəfələrlə vurulmuş ziyanla bağlı ekspertiza keçirilməsini, həmçinin Maliyyə Nazirliyinin əməkdaşlarının dindirilməsini istədik. Məhkəmə əsassız olaraq bu vəsatərlərimizi də təmin etmədi".

Ceyhun Yusifov qeyd edib ki, Vidadi Zeynalova qarşı irəli sürülən ittihamları qəbul etmirlər. Onun sözlərinə görə, istintaq orqanı Vidadi Zeynalovun bütün qohumlarının əmlakları üzərinə qanunsuz həbs qoyub: "Bu əmlakların ittihama nə adiyyəti var? Vidadi Zeynalovun ata yurdunda olan evə də həbs qoyulub. Bu evdə Vidadi Zeynalov anadan olub. 2004-cü ildən dövlət tərəfindən verilən torpaq sahəsinin üzərinə də həbs qoyulub və bildirilib ki, bu torpaq sahəsi də cinayət yolu ilə əldə edilib.

Amma nəzərə alınmayıb ki, həmin torpaq sahəsi dövlət tərəfindən verilib. Bu torpaq sahəsi necə cinayət yolu ilə əldə edilə bilər? Vidadi Zeynakovun bələdiyyələrdən 20 illik icarəyə götürdüyü torpaq sahələrinin də üzərinə həbs qoyulub. İstintaqın qeyri-peşəkar işi budur".

Ceyhun Yusifov çıxışının sonunda Vidadi Zeynalova azadlıqdan məhrum edilməyən cəzanın verilməsini xahiş edib.

Digər təqsirləndirilən Namazalı Məmmədovun vəkili Könül Əliyeva bildirib ki, dəymiş ziyanla bağlı məbləğlər şişirdirilib: "Məhkəmədə şahidlərin heç biri istintaqdakı ifadələrini təsdiqləməyib. Buna baxmayaraq, ittiham aktında qeyd olunan ziyan tərəfimizdən tam ödənilib".

Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxsə bəraət istəyib.

Təqsirləndirilən Qəmbər Bəybalayev bildirib ki, əmlakının dəyəri 300 min manat eləmir: "Mən həmin əmlakı da dövlətə bağışlamağa hazıram. Vidadi Zeynalov və Əli Abbasov ziyanı ödəyəcəklərinə söz vermişdilər. Amma buna imkan verilməmişdi. Hətta Əli Abbasov 2 milyon manat ziyanın ödənilməsi ilə bağlı adiyyəti qurumlara müraciət etsə də, buna şərait yaradılmayıb. Mən dövlətimi, millətimi sevən vətəndaş olaraq haqq səsimin eşidilməsini, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm".

Növbəti məhkəmə iclası iyulun 12-də davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər