Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə ekspertiza mərkəzinin eksperti Almaz Bayramova ifadə verib.
O bildirib ki, Lapşinin internet resurslarında olan yazıları ona təqdim edilib və həmin yazılarla bağlı rəy hazırlayıb.
Məlum olub ki, Lapşinin yazılarında Azərbaycan əleyhinə ifadələr işlədib.
Almaz Bayramova verdiyi rəyi təsdiqləyib. Bildirib ki, Lapşin yazılarında Azərbaycan ərazisinin parçalanması ilə bağlı çağırışıar edib, Ermənistanın xeyrinə şuarlar səsləndirib.
Lapşin isə bildirib ki, yazılarında Ermənistanın Azərbaycana məxsus yüksəkliklərə nəzarət etməsini qeyd edib. Amma bu məsələ araşdırılmayıb.
Ekspert ona bu məsələ ilə bağlı materialın təqdim olunmadığını deyib.
Daha sonra prosesdə hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib. Tərəflər etiraz etməyiblər.
Hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış etmək üçün prokurora söz verilib.
Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses iyulun 14-də davam edəcək.
İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.
O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilib ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən Alenksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb.
Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.
Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.