Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vidadi Zeynalovun vəklili Muğam Əliyev çıxış edib. O, müvəkkilinə verilən ittihamlar əsassız olduğu üçün onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra "Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayevin vəkili çıxış edib. O bildirib ki, dəyən ziyanı ödədiyi üçün Qəmbər Bəybalayevə bəraət hökmü çıxarılmalıdır.
Hakim bildirib ki, Qəmbər Bəybalayev dövlətə vurduğu ziyanı tam ödəyib
Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib. İlk olaraq Vidadi Zeynalov son sözlə çıxış edib.
Vidadi Zeynalov ona verilən ittihamları qəbul etmədiyini deyib: "Həmişə dövlətə sadiq olmuşam. Sədaqətim hamıya məlumdur. Bundan sonra da belə olacaq. Həbsxana həyatı mənim üçün bioloji ölümdür. İttihamları qəbul etmirən. Heç bir dəstə yaratmamışam. Heç bir dəstənin tərkibində olmamışam. Dövlət büdcəsinin pulunu heç vaxt yeməmişəm. Qohum- əqrəbamın əmlaklarına qoyulan həbslərin ləğvini tələb edirəm. Çünki o adamların öz zəhmətləri ilə qazandıqları pullara həbs qoymaq olmaz".
Vidadi Zeymalov bildirb ki, o, səhvinə görə cəza çəkir: "Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Əmək haqqı və "PLZ" MMC ilə bağlı ittihamlar umumiyyətlə, absurddur. Cəzamı çəkməyə hazıram. Son sözüm atalarımızın dediyi sözdür: "Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın".
Digər təqsirləndirilən Bayram Vəliyev də çıxış edərək vəkilin dedikləri ilə razı olduğunu bildirib.
"Aztelekom"un sabiq rəhbəri Məhəmməd Məmmədov çıxış edərək, ittihamları qəbul etmədiyini deyib. O məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.
Beytulla Hüseynov isə qeyd edib ki, onları cəmiyyətə cinayətkar dəstə kimi təqdim ediblər: "Bizim tərcümeyi-halımızı paylaşsaydılar, görərədilər ki, biz neyləmişik. Sizdən bizim haqqımızfa ədalətli qərar çıxarılmasını istəyirəm".
Hazırda proses digər təqsirləndirilən şəxslərin çıxışı ilə davam edir.
Qeyd edək ki, dövlət ittihamçısı Vidadi Zeynalova 14 il, Beytulla Hüseynova 15 il, Anar Mustafayeva 8 il, Qəmbər Bəybalayevə 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.
Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilməlidir.
Daha sonra "Azintelekom"un sabiq sədri Cəlil Cəfərov çıxış edərək bildirib ki, ona verilən ittihamlar absurddur: "Mən bu insanlarla necə mütəşəkkil dəstə üzvü ola bilərəm ki, heç biri ilə əlaqəm olmayıb. Mənə tapşırılan bütün tapşırıqları tam yerinə yetirmişəm. Ədalətli qərar gözləyirəm. Biz həmişə Azərbaycan dövlətçiliyinə xidmət etmişik".
"Aztelekom"un sabiq baş mühasibi Oqtay Rüstəmov də barələrində ədalətli qərar çıxarılmasını tələb edib.
Təqsirləndirilən Səhrab Hümmətov son sözündə övladlarının nəzərə alınmasını istəyib.
Digər təqsirləndirilən şəxslər məhkəmdən son söz demək üçün vaxt istəyib.
Növbəti proses iyulun 25-də davam edəcək.