1 Avqust 2017 11:31
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda boşandığı qadının qardaşını öldürməyə cəhddə təqsirli bilinən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qanlı cinayət hadisəsi Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Səyyaf Həsənov 2016-ci ilin iyunun 25-də Bakı şəhər sakini Elnur Cəbrayılovun evinə girib və ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirib.

Səyyaf Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd edib. Amma ondan asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.

Səyyaf Həsənov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, təqsirləndirilən Səyyaf Həsənov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmir. O deyib ki, hadisə baş verən gün Bakıda olmayıb.

Daha sonra zərərçəkmiş Səbinə Cəbrayılova ifadə verib.

O ifadəsində bildirib ki, təqsirləndirilən şəxs onun keçmiş kürəkəni olub: “Evdəydik, birdən oğlum qışqırdı ki, ana, kömək elə! Otağa keçib, işığı yandırdım. Oğlum qan içində idi. Səyyaf otağın pəncərədən tullananda onu dəqiqliklə gördüm.

Qonşunun evinin işığı onun üzünə düşürdü. O, bizdən qisas almaq istədi. Oğlumun nə günahı var idi? Mənim balamın gözü geri qayıtmayacaq. Analıq haqqımı tələb edirəm. Ona ən ağır cəza verilməsini istəyirəm”.

Səbinə Cəbrayılova qeyd edib ki, əvvəllər Səyyaf Həsənov oğlunu tez-tez hədələyib: “Qızımla adət-ənənə ilə evlənib. Qızımın öz seçimi idi. Daha sonra qızımı polislə geri qaytardım. Çünki yola getmirdilər”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər