8 Noyabr 2017 15:03
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ötən ildən bağlı qalan quldurluq cinayətinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, 28 dekabr 2016-cı il tarixində iki nəfər naməlum şəxs Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edib, oranın sahibi Hafiz Həsənovun həyat və sağlamlığına zor tətbiq ediblər.

Basqınçılar dəmir parçası ilə ona xəsarət yetirərək pul tələb ediblər.

Bu yolla həmin şəxslər zərərçəkənin 1400 manatını, eləcə də ona məxsus iki ov tüfəngini götürərək qaçıblar. Hadisədən sonra zərərçəkən Hafiz Həsənov baş verən cinayət barədə hüququ-mühafizə orqanlarına məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisənin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin fermadan quldurluq yolu ilə əldə etdikləri ov tüfənglərini basdıraraq gizlətdikləri yer də müəyyən edilib. Ov tüfəngləri basdırıldıqları yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı Elməddin Abbasov və Vasif Məmmədəliyevin Zaqatala rayonunda da oğurluq cinayətləri etdikləri məlum olub.

Qeyd edilən faktla bağlı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər