28 Noyabr 2017 12:14
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda evə basqın edərək 1 nəfəri qət edib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Mətanət Həsənova ifadə verib.

Zərərçəkmiş bildirib ki, Sənan Məmmədovla qonşu olub: “Hadisədən əvvəl mərhum Mahirə Əliyeva bizə gəldi. Dedi ki, evdə pul var idi, yoxa çıxıb. Həmin vaxt Mahirə çox qorxmuşdu. Bildirirdi ki, Sənan onu öldürəcək. Mahirə tez-tez bizə gəlirdi. Bir müddət keçəndən sonra Sənan qonşuluqdan başqa yerə köçdü”.

Mətanət Həsənovanın sözlərinə görə, Mahirə sonradan onun evinə köçərək kirayədə qalıb: “Hadisə günü Sənan gecə dostları ilə bizim evə gəldi. Mahirə məni səslədi ki, Sənanın xalası oğlu onu çağırır. Mən qapının yanına gələndə Sənan Mahirəyə yeddi bıçaq zərbəsi vurdu. Hadisə gözümün qabağında oldu”.

Mətanət Həsənova qeyd edib ki, hadisə zamanı oğlu hamamda olub, səsə qapının yanına gəlib: “Sənan oğluma altı bıçaq zərbəsi endirib, mənu də bir-neçə dəfə bıçaqladı”.

Zərərçəkmişin sözlərinə görə, hadisədən əvvəl mərhum Mahirə Əliyeva Sənan Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.

Sənan Məmmədov bildirib ki, hadisədən əvvəl onun pulu yaşadığı evdən oğurlanıb: “Bunlar mənim pulumu oğurlamışdı. Bu barədə polisə də məlumat verdim. Sonra mənim yoldaşım Mahirə rayona toya apardıqlarını dedilər. Polisdə məlum oldu ki, pulu Laçın Həsənovla birgə aparıblar”.

Növbəti proses dekabrın 12-nə təyin edilib.

İttihama görə, bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) 1967-ci il təvəllüdlü Mətanət Həsənovaya məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın yanına keçmişdə münasibətdə olduğu bildirilən Sənan Məmmədov 3 nəfərlə gəlib.

Sənan Məmmədov və Mahirə Əliyeva arasında münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Laçın Həsənov müdaxilə etmək istəyiblər. Sənan Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər