Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qurum sözçüsü bildirib ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.
H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.
bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
“Hazırda iş üzrə istintaq aparılır” - deyə, əlavə olunub.
Qeyd edək ki, həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.
Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb./Trend/
***
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib.
Penitensiar xidmətdən bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
"Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub.
Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanmış, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir", - deyə məlumatda qeyd olunur.