Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində lal-kar qohumunu öldürməkdə təqsirli bilinən Elşən Vəliədovun məhkəməsi başlayıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxs bu ilin fevralın 18-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində Gülnarə Ağayevanı boğaraq öldürüb. Bu barədə polisə qadının nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə məlumat verib. Eşitmə və görmə qüsurlu Gülnarə Ağayevanın meyitini nəvəsi yatdığı çarpayıda aşkarlayıb.
Belə ki, axşam evə gələn qız nənəsinin üzərində xəsarət izləri müəyyən edib, mənzilin isə qarət olunduğunu görüb. Səs-küy salaraq qonşuları köməyə çağırıb. Dərhal hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları və prokurorluq orqanları əməkdaşları gəliblər. Ekspertlər və müstəntiqlər mənzili müayinə edərək əl-barmaq izlərini götürüblər. Sonra da meyitin üzərinə baxış keçiriblər. Gülnarə Ağayevanın boğazında boğulma izləri müəyyən edilib. Hüquq mühafizə orqanları araşdırmalardan sonra qadının boğularaq öldürüldüyünü istisna etməyiblər. Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.
Qətldən 12 gün sonra polis cinayəti törədən Bülbülə qəsəbə sakini, 31 yaşlı Elşən Vəliədovu həbs edib. Onun üzərindən silah da aşkarlanıb. Elşən Vəliədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttiham üzrə özünü təqsirli bilən Elşən Vəlidov qadını xüsusi amansızlıqla öldürdüyünü etiraf edib. Məhkəmə avqustun 5-də davam edəcək.
Hacı Zeynalov