Məhkəmə əsgərlərdən hədə-qorxu yolu ilə pul tələb edənə 9 il 6 ay cəza kəsdi
Gəncə Hərbi Məhkəməsində hədə-qorxu yolu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Nazim Nəsrullayevin məhkəməsi başa çatıb.
İttihama görə, Nazim Nəsrullayev 2013-cü ildə xidmət etdiyi hərbi hissənin Tovuz rayonunun Ağdam kəndi ərazisində yerləşən postunda qulaqcıq taxaraq musiqiyə qulaq asıb. Bu zaman əsgər yoldaşı Abdulla Abdullayev ona iradını bildirib. Buna görə o, Abdullaya acıqlanıb, yumruqla onun çənə nahiyəsindən vurub.
Bundan başqa, Nazim Nəsrullayev əsgərlərlə bərabər "Daş" postunun ərazisində bölük komandirinin tapşırığına əsasən səngər qazıb. Bu zaman istirahət etmək məqsədilə yerdə oturan əsgər yoldaşı İlqar Osmanovdan iş görməsini tələb edib. Onların arasında mübahisə yaranıb. Nazim baltanı götürərək İlqar Osmanovun üstünə atıb.
İlqar baltadan qorunmaq üçün sağ əlini önə uzadıb. Balta onun barmağını yaralayıb.
Bir manatlıq cinayət
Başqa bir epizoda görə, Nazim Nəsrullayev əsgər yoldaşı Ramil Əlizadənin əmlakını ələ keçirmək qərarına gəlib. Bu məqsədlə Ramilin ləyaqətini alçaldacağı, habelə dözülməz xidmət şəraiti yaradacağı hədəsi ilə öz istifadəsində olan mobil telefon nömrəsinə danışıq konturu yükləməsini tələb edib. Ramil qohumu Elnur İsmayılov vasitəsi ilə Nazim Nəsrullayevin nömrəsinə 1 manat dəyərində "sim" danışıq konturu yükləyib.
Başqa bir vaxt Nazim Nəsrullayev əsgər yoldaşı Azər Şirinovla mübahisə edib. O, Azər Şirinovda olan avtomat silahın qundağı ilə əvvəlcə sinəsinə iki zərbə, sonra isə sol gözünün qaşüstü nahiyəsinə bir zərbə vurub, onu nalayiq ifadələrlə təhqir edib. Elə həmin gün Nazim Nəsrullayev postun əşya saxlanan otağında əsgər Qarakişi Əliyevin sifətinə çoxsaylı şillə vurub, badalaqla onu yerə yıxıb. Nazim yerə yıxdığı əsgərin şərəf və ləyaqətini də alçaldıb.
Bundan başqa, Nazim Nəsrullayev postun yeməkxanasında olarkən Ramil Əlizadənin ləyaqətini alçaltmaq üçün şalvarını cırıb. Ramil Əlizadə cavab olaraq onun əsgər kitelini eyni hala salıb. Bundan əsəbləşən Nazim Nəsrullayev Ramilin ünvanına təhqiramiz ifadələr işlədib, ondan özünün mobil telefonuna kontur yükləməsini tələb edib.
Ramil Əlizadə qohumu vasitəsi ilə Nazim Nəsrullayevin nömrəsinə 1 manat dəyərində "sim" danışıq konturu yükləyib.
Yemək saxlamayan əsgər döyüldü
Nazim Nəsrullayev postun ərzaq saxlanan otağında olarkən əsgər yoldaşı Elvin İskəndərovu özünə tabe etdirmək istəyib. Aralarında yaranan mübahisə zamanı Nazim boşqabla Elvinin başından vurub.
Bu hadisədən bir gün sonra Nazim Nəsrullayev Elvinə üzünü qırxmaq barədə tapşırıq verib. Elvin isə çaydanı yuduqdan sonra üzünü qırxacağını bildirib. Onların arasında mübahisə yaranıb. O, Elvinin çənəsinə yumruqla zərbə vurub, nalayiq ifadələrlə təhqir edib.
Həmin gün Nazim Ramil Əlizadəyə ona yemək saxlamadığını irad tutub və təkrar onu döyüb.
"30 manat verməsən, səni "peysər" çıxaracam"
Ramil Əlizadə təkrar Nazim Nəsrullayevin təzyiqi ilə üzləşib. O, yeməkxanada səliqə-sahman yaratmadığını əsas götürərək Ramil Əlizadəni yumruqlayıb. Nazim Nəsrullayev həmin gün yenə də Ramili döymək qərarına gəlib. O, əsgər yoldaşını hərbi qulluqçular arasında qəbul edilmiş "mənəvi dəyərlərə" əsasən xidmət yoldaşlarının gözündə nüfuzdan salmaq və iradəsini sındırmaq istəyib.
Nazim təsbeh kimi istifadə etdiyi zəncirlə şəxsi heyətin gözü qarşısında Ramil Əlizadənin başına vurub, mobil telefonunu tələb edib, onu nalayiq ifadələrlə təhqir edib, tələbini yerinə yetirməyəcəyi təqdirdə ləyaqətini alçaltmaqda davam edəcəyi, habelə dözülməz xidmət şəraiti yaradacağı ilə qorxudub gəlib.
Ondan qorxan Ramil Əlizadə mobil telefon gətirə bilməyəcəyini deyib. Nazim mobil telefon olmadığı halda 30 manat verməsini tələb edib. Nazim ona həmin gün 30 manat vermədiyi halda yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlətməklə söyüş qoymasına məcbur edib.
Nazim müəyyən etdiyi vaxtadək tələbini yerinə yetirməsə, şəxsi heyətin gözü qarşısında Ramil Əlizadəni hərbi qulluqçular arasında "peysər" çıxaracağını, ləyaqətini alçaltmaqda davam edəcəyini söyləyib. Ramil Əlizadə həmin gün Nazimə 30 manat verə bilməyib. Buna görə də o, Ramil Əlizadəni mütəmadi olaraq döyüb, təhqir edib.
Bu əməli ilə Nazim Nəsrullayev Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə) və 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib.
Hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nazim Nəsrullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov