21 Dekabr 2017 13:23
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki nəfər məhbusun qaçırılmasında təqsirləndirilən müğənni Fədayə Laçının vəkilinin verdiyi vəsatətin təmin olunmaması ilə bağlı məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Məhkəmə şikayəti təmin etməyib.

Türkel Süleymanlı qərardan narazı qaldığını deyib. O bildirib ki, apelyasiya şikayətinin təmin olunmamasına əsas yox idi: "Prosesdə bizim arqumentləriimz təkzib olunmadı".

Vəkilin sözlərinə görə, məhkəmədə Fədayə Laçın özü də çəxış edib: "O, xəstəliyindən danışdı, çətin vəziyyətdə olduğunu bildirdi. Fədayə Laçın cəza çəkməyə hazır olduğunu dedi. Əlavə etdi ki, aldadılıb".

Fədayə Laçın Hepatet C xəstəlitindən əziyyət çəkdiyini xatırladan Türkel Süleymanlı ölkə başçısına müraciət edəcəyini bildirib.

Qeyd edək ki, dekabrın 13-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrlik etdiyi prosesdə Fədayə Laçının vəkili Türkel Süleymanlının vəsatətinə baxılıb.

Vəkil vəsatətində Fədayə Laçın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Bu qərardan narazı qalan vəkil növbəti apelyasiya şikayəti verib.

İttihama görə, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

“Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər