28 Dekabr 2017 16:29
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində tanınmış Biləcəri qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Bahəddin Sultanıv çıxış edib.

O bildirib ki, pulu Vüsal Ələkbərova yox, MTN-in istintaq baş idarəsinin sabiq rəisi general Movlam Şıxəliyevə verib: "Mənə 350 min dollar ziyan dəyib. Burada Vüsal Ələkbərovun günahı yoxdur. Ona nə deyiblər, onu da edib. Bu işdə Vüsal Ələkbərovun 10 faiz günahı varsa, 90 faiz günahı olanlar azadlıqda gəzir. Məhkəmədən Vüsal Ələkbərova kömək ediıməsini xahiş edirəm. Pulumu da Mövlam Şıxəliyevdən tələb edirəm. Çünki pulu xidməti otağında birbaşa ona vermişəm".

Bahəddin Sultanov qeyd edib ki, Bakı Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti verməyib, Vüsal Ələkbərovdan da şikayətçi deyil.

Zərərçəkmiş qeyd edib ki, günahkar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və Mövlam Şıxəliyevdir. Zərərçəkmiş onlardan şikayətçi olduğunu qeyd edib.

Daha sonra Vüsal Ələkbərovun müdafiəsinə yeni vəkil - Cahangir Cavadovun qoşulduğu məlum olub. Vəkil işlə tanış olmaq üçün 15 gün vaxt istəyib. Hakimlər istəyini nəzərə alaraq işlə tanışlıq üçün ona vaxt veriblər.

Növbəti proses yanvarın 18-də davam edəcək.

Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi alıblar. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Cinayət işində adı keçən zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar.

Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Hökmdə bildirilib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər, buna görə də onların mülki iddiaları təmin oluna bilməz.

Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.

Vüsal Ələkbərovun vəkilləri də hökmdən apelyasiya şikayəti veriblər. Vəkillər hökmün ləğv edilməsini və Vüsal Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Hərbi Məhkəməsi həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər