11:57
Yanvarın 18-də paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edərək, vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxs cinayət başında yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.
Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təhvil verilib.
Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.
Qeyd edək ki, hazırda Baş Mühafizə İdarəsinin qüvvə və vasitələri ilə dövlət, eləcə də özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunur.
Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 11851 vahid təşkil edib. Qeyd olunan obyektlər üzrə mühafizənin etibarlığı 100 faiz təmin olunub. Odur ki, vətəndaşlar, sahibkarlar və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri bilməlidirlər ki, mühafizə polisinin xidmətlərindən istifadə edən zaman, qurumun tabeliyində olan geniş maddi-texniki imkanların köməkliyi və şəxsi heyətin sıralarında olan yüksək nizam-intizamın nəticəsində, onların əmlakları cinayətkar qəsdlərdən etibarlı mühafizə edilir.
Saxlanılan şəxs Nazim Məmmədov ifadəsində bildirib ki, “Xəzinənin qarşısında xanım dayanmışdı. Mətbəx bıçağını xanıma yaxınlaşdırdım. İçəridə çaxnaşma çıxdı”.
Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.