Bakının Xəzər rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, Binə qəsəbə sakini olan qadın Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə ərizə ilə müraciət edərək fevralın 6-da evindən qızıl əşyalarının oğurlandığını bildirib.
Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu Bəxtiyar Zabitov tərəfindən törədildiyi müəyyən edilib. O, həbs olunub.
Araşdırmalarla Bəxtiyar Zabitovun digər cinayət əməllərinin də üstü açılıb. Onun ötən ilin noyabr ayından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su mühərriki, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurlandığı bəlli olub.
Faktla bağlı cinayət işi başlanıb.