8 Mart 2018 15:50
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində dələduzluq etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elnur Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elnur Mikayılov Ceyranbatan qəsəbəsi, Bağlar massivində Ramiz Quliyevin yaşadığı evin həyətyanı sahəsində olan 4 sot torpaq sahəsini Türkiyə vətəndaşı Mustafa Tabakoğluna 10000 ABŞ dollarına satmaq barədə razılığa gəlib.

O, 11 mart 2013-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi, Bağlar massivində Mustafa Tabakoğlundan 10000 ABŞ dolları, həmçinin həmin torpaq sahəsinə sənəd düzəltmək adı ilə 23 mart 2013-cü il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Turan” ailəvi istirahət mərkəzinin qarşısında isə 4500 manat pul alıb.

Bundan başqa o, Rövşən Kərimova Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar massivində yerləşən torpaq sahəsinə sənəd düzəldəcəyini vəd edib və ondan 2016-cı ilin avqust-sentyabr aylarında hissə-hissə 2670 manat pul alıb.

Daha sonra Elnur Mikayılov Məlahət İbadova ilə Sumqayıt şəhər bələdiyyəsinə məxsus torpaq sahəsində tikilmiş heç bir sənədi olmayan evin 21000 manata alqı-satqısı barədə razılığa gəlib. O, Məlahət İbadovanın həmin il oktyabrın 4-də 12000 manat, noyabrın 15-də isə 8000 manat pulunu dələduzluq yolu ilə alıb.

İstintaq sənədlərinə görə, Elnur Mikayılovun Sumqayıt şəhərində daha 10-a yaxın vətəndaşa qarşı dələduzluq etməsi müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elnur Mikayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mikayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elnur Mikayılov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Elnur Mikaylovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyasında qərar elan edilib.

Qərara görə, Elnur Mikayılovun əməli Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsif olunub.

Məhkəmə Elnur Mikayılovun cəzasını 6 ilə endirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər