15 Mart 2018 13:24
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Məmmədoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

İttihama görə, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Vüqar Əlizadə tanışı, 1993-cü il təvəllüdlü Kamran Quliyevi borc pul üstündə düşən mübahisəyə görə bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs fəhləliklə məşğul olub.

Məlum olub ki, 23 yaşlı Kamran Quliyev tanışı Vüqar Əlizadədən bir müddət əvvəl 150 manat borc alıb. Daha sonra Vüqar Əlizadə ondan borcu qaytarmasını istəyib.

Lakin Kamran Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini xahiş edib. Vüqar Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Tanışların pul mübahisəsi daha sonra dava, dava isə qətllə nəticələnib. Vüqar Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İstintaq araşdırması zamanı Vüqar Əlizadənin dostu İlham Məmmədoğlunun da cinayət işində əli olduğu məlum olub.

Təqsirləndirilən şəxslər hadisə barədə danışandan sonra şahid qismində Tünzalə Əliyeva ifadə verib. O bildirib ki, təqsirləndirlən Vüqar Əlizadənin anasıdır.

Hadisənin şahidi olan ana qeyd edib ki, oğlunun bu işdə günahı olmayıb: “Oğlum ona bir bıçaq vurub. Səbəb də söyüş olub. Oğlumun başqa təqsiri yoxdur. Bunun hamısı İlhamın işləridir. O cinayəti oğlumun boynuna yıxdı”.

Tünzalə Əliyeva deyib ki, təqsirləndirilən İlham Məmmədzadə oğlunu aldadıb və cinayəti onun oğlunun boynuna qoyub.

İlham isə şahid yalan danışmaqda ittiham edib. O deyib ki, bu qətl hadisəsinə görə ilk olaraq Vüqar Əlizadə həbs edilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, üç gün sonra yalandan qətlin onun tərəfindən törədildiyini deyiblər.

Növbəti proses martın 19-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər