10 Aprel 2018 10:31
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda təşkil olunmuş bayram bazarında külli miqdarda narkotik vasitəni satmaq istəyən Şəki rayon sakini, 1958-ci il təvəllüdlü Osman Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il iyunun 25-də Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı bazarda Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş bayram bazarında Şəki rayon İnçə kənd sakini Osman Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində narkotik vasitə hesab olunan 5 kilo 565 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kolları toplayaraq qurutduğu marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.

İstintaq orqanı tərəfindən Osman Salamova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində toplanmış material araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı aparılıb və sonda hökm elan edilib. Hökmə əsasən, Osman Salamovun əməli sübuta yetirilməyib.

Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Məhkəmənin qərarı ilə Osman Salamovun barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər