18 Aprel 2018 09:50
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğanbank ASC-dən vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Qəzənfər Qəhrəmanovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Qəzənfər Qəhrəmanovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Növbəti proses mayın 1-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qəzənfər Qəhrəmanov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Qəzənfər Qəhrəmanov ayrı-ayrı vətəndaşlara "Muğanbank"dan külli miqdarda kredit alacağını vəd edib, onlardan pul alaraq aldadıb.

Təqsirləndirilən şəxs zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurmaqda təqsirləndirilib.

Cinayət işi üzrə zərərçəkmiş Sədaqət Abbasov ifadəsində deyib ki, qızına ev almaq üçün bankdan pul götürmək fikrinə düşüb: "Qəzənfər də özünü bizə "bank makleri" kimi təqdim edərək dedi ki, mən bu işlə məşğul oluram, bankdan sizin adınıza 50 min manat məbləğində pul götürə bilərəm. Mən də süpürgəçi işlədiyim üçün maaşım bankdan kredit götürməyə imkan vermirdi.

Buna görə də Qəzənfərlə razılaşdım. Amma o, bu işin müqabilində guya bizə saxta arayış verərək, "Muğanbank"dan 50 min manat pul alıb bizə verəcəkdi. Ancaq bu pulun 10 min manatını əvvəlcədən istədi. Mən də razılaşıb, pulu verdim. Ancaq sonradan nə krediti ala bildik, nə də Qəzənfər pulumuzu qaytardı".

Qəzənfər Qəhrəmanov digər zərərçəkmişləri də eyni üsulla aldadıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər