Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmündən prokuror tərəfindən verilən apelyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə tərəflərin şikayəti üzrə ilkin dinləmə olub.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə bəraət almış İsmayıl Qəmbərovun anket məlumatları dəqiqləşdirilib.
Daha sonra prokuror tərəfindən verilən apelyasiya protestinin dəlilləri müəyyən edilib. Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, İsmayıl Qəmbərovun barəsində ittihamedici hökm çıxarılmasını tələb edib.
Eyni tələblə zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verdiyi məlum olub.
Növbəti proses mayın 11-də davam edəcək.
İstintaq orqanını gəldiyi ittihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki Real Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub.
Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Istintaq orqanı tərəfindən İsmayıl Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma) maddələri ilə ittiham elan edilib.
Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə İsmayıl Qəmbərova elan olunmuş ittiham sübuta yetirilməyib. O, bəraət alıb.