4 İyun 2018 16:49
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində tanışını öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1981-ci il təvəllüdlü Səbuhi Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbuhi Camalov 29 aprel 2017-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Bağbanlar küçəsində yerləşən “Rüfətin marketi” kimi tanınmış ərzaq dükanında təsadüfən 1951-ci il təvəllüdlü tanışı Sədrəddin Qurbanovla rastlaşıb.

Həmin vaxt Sədrəddin Qurbanov yaşadığı Gəncə şəhəri Mehrablı küçəsi 7 ünvanında qanunsuz olaraq limonad istehsalı ilə məşğul olduğuna görə Nizami rayon Polis İdarəsində aparılan araşdırmanın başlanmasına səbəb olmuş məlumatın bir neçə gün əvvəl Səbuhi Camalov tərəfindən verilməsindən şübhələnib.

Bu səbəbdən Sədrəddin Qurbanov onun ünvanına nalayiq ifadələr işlədib, üzünə də bir şillə vurub. Bundan hiddətlənən Səbuhi Camalov Sədrəddin Qurbanov ilə əlbəyaxa olub. Onlar dalaşıblar.

Bu zaman Səbuhi Camalov Sədrəddin Qurbanovun sinə nahiyəsinə yumruqla bir neçə zərbə endirib. Sədrəddin Qurbanov aldığı xəsarətdən təxminən yarım saat sonra ölüb.

İstintaq orqanı tərəfindən Səbuhi Camalovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtitatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Camalov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Səbuhi Camalov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Apelyasiya belə əsaslandırıb ki, aprelin 29-da Sədrəddin Qurbanovla “Rüfət” marketdə mübahisələri olub. Sədrəddin Qurbanovu itələyib və bu hadisə “Rüfət” marketdə yerləşən kameraya düşüb.

Mübahisədən 2 saat sonra Sədrəddin Qurbanov limonad sexində yıxılaraq başı dəmirə girib və bu səbəbdən də ölüb. Bu hadisə kamerada da var. Odur ki, işinə ədalətli baxılmasını xahiş edib.

Onun şikayəti Gəncə Apelyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Səbuhi Camalovun apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər