Binəqədi rayonunda krediti ödənmədiyinə görə bank işçiləri tərəfindən dayanacağa yerləşdirilən avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 5-ci polis bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilin kredit borcuna görə dayanacağa yerləşdirildiyini, mayın 24-də isə oradan qaçırıldığını bildirib.
Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə Nazim Abbasov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.