Biləsuvar rayonunda polis əməkdaşını şantaj etməkdə təqsirli bilinən Lənkəran sakini, 1978-ci il təvəllüdlü Xəyal Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi Dövlət yol polis bölməsinin yol patrul xidmətinin baş inspektoru, baş leytenant Ramal Ağammədov və xidmətin inspektoru, polis baş serjantı Rauf Əzimov 31 avqust 2015-ci ildə xidmətdə olarkən Xəyal Əmirov tərəfindən şantaj olunublar.
Xəyal Əmirov guya 2014-cü ilin iyulunda yol patrul xidməti inspektoru Rauf Əzimovun onun idarə etdiyi avtomobili duracağa aparması ilə bağlı qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar sonuncunun müraciəti əsasında Biləsuvar rayon prokurorluğunda materialın araşdırılması zamanı Rauf Əzimovun şikayətçi olmadığına görə minnətdarlıq etmək bəhanəsi ilə onların idarə etdiyi avtomobilini Biləsuvar şəhəri, M.İbrahimov küçəsində olan Bayraq Meydanı yaxınlığında saxlatdırıb.
Həmin zaman Xəyal Əmirov polis əməkdaşlarının danışığın videogörüntülərini özünün istifadəsində olan mobil telefonla çəkib.
Bu hadisədən bir neçə gün sonra Xəyal Əmirov Ramal Ağammədov və Rauf Əzimovla Biləsuvar rayonu ərazisində söhbətlər aparan zaman onların qanunsuz əməllərini əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yayaraq, onları rüsvay edəcəyini bildirib.
Xəyal Əmirov onlardan 3000 manat tələb edib, oktyabrın 8-də saat 16.20-də həmin məbləğdə pulu alıb.
Daha sonra içərisində videogörüntülər olan bir ədəd mikro-kart və kartın ötürücüsünü Ramal Ağammədova verdikdən sonra həmin gün saat 16.50-də Biləsuvar rayon Olimpiya İdman Kompleksinin qarşısında Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində həbs edilib.
İstintaq orqanı tərəfindən Xəyal Əmirovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Əmirov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Xəyal Əmirov apelyasiya şikayəti verib. O, barəsində elan olunmuş Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsini həmin məcəllənin 322-ci (özbaşınalıq) maddəsinə tövsüf edilməsini istəyib.
Xəyal Əmirovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin araşdırması aparılan zaman Xəyal Əmirov yeni şikayətlə çıxış edib. O, əməlinin Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsinə tövsüf edilməsini istəyib.
Hakim heyəti Xəyal Əmirovun apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Xəyal Əmirovun əməli Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilib və onun cəzası 3 ilə endirilib.