24 İyul 2018 11:20
3 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qardaşı öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qaradağ rayon sakini Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, 2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış “Lexus” markalı avtomobildə olan həmin qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə “Vinçester” markalı odlu silahdan bir neçə atəş açıb.

Buna Zaurla onların arasındakı mübahisə səbəb olub. Nəticədə Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.

İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət bu məsələ üstündə baş verib.

Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Zaur Tərlanovun vəkili kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclas da Zaur Tərlanovun vəkilinin şikayəti təmin edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınıb.

Bu dəfə işə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

İyulun 23-də keçirilən prosesdə hakim heyəti qərar elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Zaur Tərlanovun barəsində təyin etdiyi ömürlük cəza ləğv edilib.

Zaur Tərlanovun cəzası 20 ilə endirilib. Onun cəzanı ciddi rejimli müəssisədə çəkməsi qərara alınıb.

Mərhum Cahid və Cavid Rəhimovların anası Nigar Rəhimova Teleqraf.com-a bildirib ki, məhkəmənin çıxardığı qərar ədalətli deyil.

Nigar Rəhimovanın sözlərinə görə, Zaur Tərlanov heç bir səbəb olmadan onun iki oğlunu söhbət etmək adı ilə aparıb və maşında olduqları vaxt öldürüb: “Həmin vaxt mənim övladlarımda silah olmayıb. Silahsiz insanlar "Vinçester”dən açılan atəşlə iki metr yarımdan güllələnib. Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində bir il iş getdi, qatilə ömürlük cəza kəsildi. Sonradan apelyasiya şikayəti verildi. Apelyasiya Məhkəməsində iş getdiyi vaxt kasasiya şikayəti verdilər ki, şikayətlərinə istintaq yolu ilə baxılsın.

Həmin vaxt şikayətə istintaqla baxılması barədə qərar qəbul edildi. Yenidən bir ildə apelyasiyada iş getdi, ömürlük cəza təsdiq olundu”.

Nigar Rəhimova qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər: “Ali Məhkəmədə şikayətə hakim Tahir Kazımov baxdı. Tahir Kazımov işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul etdi. Bütün işlər görüldü, iki oğlumun qatili ömürlükdən xilas edildi. İki nəfəri öldürən şəxsə 20 il iş verdilər, heç həbsxana rejimi də verməyiblər”.

Nigar Rəhimova bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verəcəklər: “Mən iki oğlumun qatilinə ağır cəza istəyirəm. Ya öldürəcəm, ya da öləcəm. İki oğluma qarşı bir oğul istəyirəm. Bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Deyirlər ki, cinayət namus üstündə olub. Namus üstündə olmayıb, münaqişə zəminində baş verən hadisədir”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər