Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.