Sumqayıt şəhərində namus üstündə qohumunu ölümcül bıçaqlamaqda təqsirli bilinən 1975-ci il təvəllüdlü Aqil Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Aqil Abdullayev barəsində başlanan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib.
İttihama görə, Sumqayıt şəhərinin 21-ci məhəlləsində 1998-ci il təvəllüdlü Süleyman Abdullayev bıçaqlanıb. Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Araşdırma zamanı hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. 20 yaşlı Süleyman Abdullayevi bıçaqlayan 1975-ci il təvəllüdlü Aqil Abdullayevdir. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. 20 yaşlı Süleyman Abdullayev namus üstündə bıçaqlanıb. Bildirilir ki, Süleyman Abdullayev Aqilin yaxın qohumuna sataşıb.
Bundan sonra Aqil Abdullayev Süleymanla mübahisə edib və mübahisə sonda qanlı cinayətlə nəticələnib.
Məlumata görə, Aqil Abddullayev bıçaqladığı 20 yaşlı oğlanını yaxınları tərəfindən elə həmin gün xəstəxanada döyülüb. Ona da xəstəxanada tibbi yardım göstərilib.
İstintaq orqanı tərəfindən Aqil Abdullayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.