31 İyul 2018 11:42
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi sahibkarlıq subyektləri tərəfindən sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün yaradılmış münbit şəraitdən sui-istifadə hallarına da rast gəlinir ki, bu cür qanunazidd hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bank təşkilatlarından aldıqları kreditləri təyinatı üzrə istifadə etməyən şirkət rəhbərlərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmışdır.

Aparılmış istintaqla “Göyçay-Konyak zavodu” ASC-nin İdarə Heyətinin sədri Vaqif Məmmədovun aldığı kreditlərə görə ödənilməmiş borcları olduğu halda, həmin borcları ödəmək qabiliyyətində olmamasına baxmayaraq, 2013-cü ildən direktoru olduğu “Nicat” firmasının götürdüyü kreditlərin ödənilməsi üçün kifayət qədər əsas və dövriyyə vəsaitlərinə malik olması barədə “Texnika bank” ASC-yə təqdim etdiyi kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil edib bankdan dövriyyə vəsaitinin genişləndirilməsi məqsədilə 150 min manat məbləğində kredit alaraq həmin vəsaitin təyinatı üzrə istifadə edilməsini və ödənilməsini təmin etməyərək şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “KR” MMC-nin təsisçisi və direktoru Rəhman Gülməmmədovun cəmiyyətin istehsal gücünün artırılmasına dair investisiya layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil bank olan “Kredobank” ASC-dən ayrı-ayrı vaxtlarda aldığı 850 min manat məbləğində güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditinin 347 min 872 manatını təyinatından yayındıraraq şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Cinayət işləri üzrə V.Məmmədov və R.Gülməmmədovun dövlətə və müvəkkil bankların qanunla qorunan mənafelərinə külli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar yarandığından hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 195.2-ci (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər