Bakının Səbail rayonunda oğurluqla məşğul olan 15 yaşlı yeniyetmə həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 8-ci polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov yaxalanıb.
Müəyyən edilib ki, o, 2013-cü il dekabrın 28-də Badamdar küçəsində yaşayan Soltan Qəribova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator, bu il aprelin 21-nə keçən gecə Qazolin küçəsində yerləşən Neft Qaz Texniki Xidmətlər Şirkətinin anbarından tikinti alətləri, avqustun 3-də Şıx çimərliyində Famil Məmmədovun, Sevindik Şirinovun pulunu, mobil telefonu, geyim əşyalarını, avqustun 9-da Salyan yolunda yaşayan Turqut Əhmədovun evindən mobil telefon, avqustun 13-də isə həmin ərazidə yerləşən kafedə Elvin Babayevin cibindən mobil telefonu oğurlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
Hacı Zeynalov