Bakıda aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Aygün Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.
Məlum olub ki, Aygün Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb.
İstintaq orqanı tərəfindən Aygün Əliyevanın barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.