Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov, mühəndis Mahir Abdullayev, həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova və mərkəzdə müalicə alan xəstə Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin hüquqi varisi Hacımurad Sadəddinov ifadə verib.
Hacımurad Sadəddinov bildirib ki, qardaşı Azər Sadəddinov hadisə nəticəsində yanaraq dünyasını dəyişib: “Qardaşım ailəsi tərəfindən ora yerləşdirilmişdi. Alkoqoldan əziyyət çəkirdi”.
Qeyd edək ki, yanğın zamanı ölən Azər Sadəddinov əvvəllər diş həkimi olub. O, hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.
Digər zərərçəkmişin hüquqi varisi Sübhan Quliyev bildirib ki, qardaşı mütəmadi spirtli içki qəbul etdiyi üçün Narkoloji Mərkəzə yerləşdirilib: “Xəstəni ora yatırtmaq üçün Azad həkimə 450 manat pul verdik. Bu pulu müalicə xərcləri adı ilə alırdılar”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Rübabə İsmayılovanın sözlərinə görə, qardaşı mərkəzdə yanğın zamanı həlak olub: “Orda qapını bağlayıblar və xəstələri qəsdən içəridə saxlayıblar. Çünki qardaşım ola bilməzdi ki, ordan çıxa bilməsin. Bu işdə günahkarlar kimlərdisə, cəzasını almalıdırlar”.
Abdulla Əkbərov isə Tərlan adlı oğlunun mərkəzdə yandığını deyib. O, dispanserdə xəstələrin saxlanma şəraitindən şikayət edib: “Türmə ordan yaxşı idi. Ora xəstəxana yox, heyvan tövləsi idi. Şərait çox bərbad idi. Ona görə də belə-belə hadisələr baş verdi”.
Növbəti proses sentyabrın 14-də davam edəcək.
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.
İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.
Bu məqsədlə martın 2-də, saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
Məmməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham elan edilib.
Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq araşdırması zamanı həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinə görə, Afət Məmmədova mərkəzdə yanğın törətmiş Məhəmməd Məmmədovun həkimi olub.
Xatırladaq ki, mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb, onun işi məhkəməyə göndərilməyib.