Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və daha 25 nəfərin ibtidai istintaqı başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə material baxılması üçün yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək
Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Həmin dövrdə Cahangir Hacıyevlə birlikdə 7 nəfər də mühakimə olunub. Həmin hökmə əsasən 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb.
Bundan sonra Cahangir Hacıyevin barəsində yenidən mənimsəmə və israf etmə ittihamı üzrə cinayət işi başlanıb.
Bu dəfə Cahangir Hacıyevlə birlikdə 25 nəfər mühakimə edilir.