25 Oktyabr 2018 13:52
6 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet vasitəsi ilə tanış olduğu qadını və onun ərini şantaj etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Nizami Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2011-ci ilin axırlarında Nizami Cəfərova tanışı Elçin Pirişov Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Samirə Məmmədova ilə “Odnoklassniki” internet saytında tanış olmaq, onun şəxsi fotoşəkillərini əldə etmək və fotoşəkilləri yaymaq hədəsi ilə əmlak əldə edə biləcəklərini bildirib.

Ər-arvad şantaj edildi

Bundan sonra onlar Samirə Məmmədova və əri Mahir haqqında rüsvayedici məlumatları, yəni əldə etdikləri fotoşəkilləri internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssisələrində yayacağı ilə hədələyib, onlardan bu məqsədlə 4.000 manat tələb ediblər.

Növbəti şantajlar

Nizami Cəfərov 11 oktyabr 2012-ci il tarixdə, saat 16.25-də Samirənin Xırdalan şəhərində olan mənzilinə gedib, ondan 4.000 manat pul alıb.

Daha sonra Nizami Cəfərov və dostu Elçin Pirişov Samirəni və ərini 2015-ci ilin yanvarın 4-də yenidən hədələyib, 700 manat, həmin ilin noyabrın da 1200 manat, 2016-cı ilin martında 900 manat, həmin ilin dekabrında isə 750 manat alıblar.

Şantaj, şikayət, həbs

Sonuncu dəfə onlar ər-arvadı 2017-ci ilin mayın 17-də şantaj ediblər və 700 manat tələb ediblər. Bu zaman Samirə və Mahir polisə şikayət ediblər. Mayın 19-da 300 dolları Samirədən alan zaman Nizami Cəfərov cinayət başında yaxalanıb.

İstintaq orqanı tərəfindən Nizami Cəfərova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

“Hədə-qorxu ilə pul aldığını dedi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Nizami Cəfərov bildirib ki, təxminən 2012-ci ilin əvvəllərindən tanışı Elçin Pirişov Xırdalan şəhərində özündən xeyli yaşlı bir qadınla internetdə tanış olduğunu, həmin qadına müxtəlif vaxtlarda zəng vuraraq ərinə onunla tanışlığı barədə hədə-qorxu gələcəyini bildirib, müxtəlif məbləğdə pulaldığını deyib: “Elçin bu söhbətləri zarafata salıb desə də, həmin qadını tanımamışam, onun harada yaşadığını, Elçinin ondan hansı məbləğdə pul aldığını bilməmişəm”.

“Bir daha o mənzilə getməmişəm”

Nizami Cəfərovun sözlərinə görə, 2012-ci ilin oktyabr ayında Elçin ona Samirə adlı qadının ünvanını deyib və həmin qadından 4.000 manat pulu alaraq ona verməyini xahiş edib: “Samirə adlı qadının yaşadığı mənzilə gedərək, ondan 4.000 manat pulu götürdüm və Elçinə çatdırdım. Elçin həmin puldan mənə 300 manat verdi. Pulu qapıdan götürəndə Samirəni üzdən görməmişəm və bundan sonra həmin ünvana getməmişəm. Elçinin də Samirə adlı qadından həmin tarixdən sonra pul alıb-almadığını bilməmişəm”.

“Mənə “nəyə görə Elçin məndən əl çəkmir” dedi”

Nizami Cəfərov bildirib ki, təxminən 2014-cü ilin sonlarında Elçinin problemləri olduğundan qəflətən Türkiyəyə qaçıb, buna baxmayaraq Elçinlə mütəmadi olaraq “WhatsApp” vasitəsi ilə əlaqə saxlayıb: “2015-ci ilin yanvar ayının əvvəllərində Elçin mənə zəng vurdu. Türkiyədə pulunun qurtardığını, Samirə adlı qadından pul almaq lazım olduğunu dedi. Buna görə də 2015-ci ilin yanvar ayının əvvəllərində Xırdalan şəhərinə gedərək Samirənin yaşadığı mənzilin qapısını döydüm. Qapıya ilk dəfə gördüyüm həmin qadın çıxdı. Ona Elçinin mobil telefon nömrəsini verdim, ona zəng vurmasını tapşırdım. Həmin qadın isə mənə “nəyə görə Elçin məndən əl çəkmir” dedi”.

“Evinə gəlməməyi məndən xahiş etdi”

Nizami Cəfərovun ifadəsinə görə, növbəti gün Elçin ona zəng vuraraq Samirədən 700 manat pulu götürməyi və 700 manatdan 50 manatını ona verəcəyini bildirib: “Həmin günün səhəri yenə qeyd olunan ünvana getdim. Samirə qapının arasından mənə 700 manat pulu verdi, bir daha evinə gəlməməyi məndən xahiş etdi. 700 manatdan 50 manatını özümə götürdüm, qalanını səhəri gün banklardan birinə gedərək “Western Union” sistemi vasitəsi ilə Elçinə göndərdim. Elçinin özü ilə telefonla danışarkən Samirənin dediklərini çatdırmışdım. Elçin isə Samirənin və əri Mahirin onun əlində olduğunu, istədiyi vaxt onlardan istədiyi məbləğdə pulu qopara biləcəyini dedi”.

“Pulu çatdıracağına söz verdi”

Nizami Cəfərov qeyd edib ki, bundan sonra Samirədən daha üç dəfə pul alıb: “Yəni 2015-ci ilin noyabr ayının ortalarında 1.200 manat, 2016-cı ilin may ayında 900 manat, 2016-cı ilin dekabr ayında isə 750 manat pulu götürüb hər dəfə özümə 50 manat götürməklə qalanını Elçinə göndərmişəm. Təxminən 2017-ci ilin aprel ayının ortalarında Elçin mənə zəng vuraraq Türkiyədə pulunun qurtardığını bildirdi, təcili olaraq ona borca 200 ABŞ dolları taparaq göndərməyimi xahiş etdi. Pulum olmadığından tanışım Kamil Muxtarova müraciət edərək iki günə qaytarmaq şərtilə ondan 200 ABŞ dolları pul tapmasını xahiş etdim. Həmin pulun Türkiyədə yaşayan Elçin adlı dostuma lazım olduğunu bildirdim. Kamil evindən 200 ABŞ dolları gətirərək mənə verdi. Həmin pulu bank vasitəsi ilə Elçinə göndərdim. Elçin tez vaxtda Samirə vasitəsi ilə həmin pulu çatdıracağına söz verdi. Lakin vaxt tamam olanda Kamildən aldığım pulu qaytara bilmədim”.

“Samirədən heç bir xəbər çıxmadı”

Nizami Cəfərovun ifadəsinə görə, Kamil aprel ayının sonlarında Gürcüstan Respublikasına gedib: “Elçinlə mütəmadi əlaqə saxladım, Kamil qayıdanadək onun pulunu düzəltmək lazım olduğunu bildirdim. 2017-ci ilin may ayının əvvəllərində Elçin mənə “WhatsApp” vasitəsi ilə özünün xəstəxanada çarpayıda hər tərəfi sarğı ilə sarılmış iki ədəd şəklini göndərərək, həmin şəkilləri fotostudiyada çıxarıb, arxasında da yeni mobil telefon nömrəsini yazaraq Samirəyə verməyimi tapşırdı, Kamilin pulunu Samirədən alacağını dedi. Elçinin dediyi kimi həmin iki ədəd şəkili fotostudiyada çıxararaq böyütdüm, arxasında Elçinin Türkiyədəki mobil telefon nömrəsini yazdım. Mayın 8-də Samirənin yaşadığı binanın qarşısına gəldim. Tanımadığım taksi sürücüsündən həmin şəkillərin içərisində olan zərfi 49 saylı mənzilə çatdırmasını xahiş etdim. Taksi sürücüsü həmin şəkilləri Samirəyə verdi. Bir neçə gün ərzində Samirədən heç bir xəbər çıxmadı”.

“Dostumun sevgilisinə məktub çatdırmaq lazım olduğunu dedim”

Nizami Cəfərov qeyd edib ki, mayın 11-də Kamil Gürcüstandan qayıdıb, pulunu tələb etməyə başlayıb: “Elçin əsəbiləşərək Samirə ona zəng vurmasa, onu biabır edəcəyini bildirdi. Mayın 17-də Elçin zəng vuraraq bir daha Samirənin evinə gedib, onun mobil telefon nömrəsini Samirəyə verməyimi istədi. Hansı yolla telefon nömrəsini Samirəyə çatdırmağı düşünərkən, Saray qəsəbəsində yaşayan tanışım Azərlə rastlaşdım. Azərlə görüşdükdə guya dostumun sevgilisinə məktub çatdırmaq lazım olduğunu dedim, həmin məktubu Samirəyə çatdırmasını xahiş etdim. Azər də imənə inandığından bir söz demədi. Birlikdə Samirəgilin evinin qarşısına gəldik. Azərə 49 saylı evin qapısını döyüb, Elçinin telefon nömrəsi olan kağızı qadına verməsini xahiş etdim. Özüm isə blokun qarşısında gözləməyə başladım. Azər kağızı Samirəyə verdi, geri qayıtdı. Lakin Azərə Samirənin kim olduğu və ona hansı məqsədlə telefon nömrəsi verildiyini bildirmədim”.

“Heç nədən şübhələnməyərək razılıq verdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam Elçin ona zəng vurub, Samirənin zəng etdiyini, mayın 18-də, saat 10-da ona 700 manat pul verməyə hazır olduğunu deyib: “Elçin məndən həmin ünvana Kamili göndərməyi tapşırdı. Buna görə də Kamillə danışaraq ona olan borcu qohumum Samirə adlı qadın vasitəsi ilə verəcəyimi dedim. Kamildən Samirənin yaşadığı ünvana getməsini xahiş etdim, Samirənin 700 manat pul verəcəyini, 700 manatdan verdiyi borcu götürdükdən sonra qalan pulu bank vasitəsi ilə Elçinə göndərməsini istədim. Kamil də heç nədən şübhələnməyərək Samirənin evinə getməyə razılıq verdi”.

“Geri qayıdanda polislər yaxaladı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 18-də günorta vaxtı Samirənin evini Kamilə göstərib, özü oradan uzaqlaşıb: “Daha sonra Kamil həmin ünvana getdi. Samirə Kamilə pulu mayın 19-da, saat 10-da verəcəyini dedi. Mayın 19-da Kamil Samirənin yaşadığı ünvana getdi. Samirədən 300 ABŞ dolları alaraq geri qayıdarkən polis əməkdaşları onu yaxalayaraq polis idarəsinə apardılar”.

Bu işdə Kamil Muxtarov şahid qismində tanınıb, Elçin Pirişovun barəsində isə axtarış elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nizami Cəfərov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Nizami Cəfərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nizami Cəfərovun şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər