Bakıda keçmiş arvadını öldürməkdə təqsirli bilinən İlkin Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə müstəntiqin vəsatəti təmin olunub.
İlkin Abdullayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qətl hadisəsi bu ilin oktyabrın 24-də Xətai rayonunda baş verib.
24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb.
Lakin boşanmalarına baxmayaraq onların arasında münaqiş davam edib.
Oktyabrın 23-də özü ilə qatlanan bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib.
Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerindəcə keçinib.
İstintaq orqanı tərəfindən İlkin Cəmil oğlu Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hazırda Xətai rayon Prokurorluğunda istintaq hərəkətləri aparılır.