Rusiyanın qılıncoynatma üzrə millisinin azərbaycanlı baş məşqçisi İlqar Məmmədovun evi qarət olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarovun məsləhətçisi işləyən Yaşar Məmmədov məlumat verib:
“Mən İlqarla Beynəlxalq Qılıncoynatma Federasiyasının Parisdə keçirilən Konqresində iştirak edirdik. O, bir gün tez getdi. Özünə zəng etdim. Dedi, oğrular ancaq yataq otağına girib, sonra qaçıblar. Çox şeyini oğurlamayıblar. Üç mərtəbəli villadır. Həyətdə mühafizəçi otağı da var. Amma bununla belə, evə girə biliblər”.
İlqar Məmmədov isə evindən qadın qol saatı və cəvahirat əşyalarının oğurlandığını bildirib. Təxminən ona 200 min rubl (5120 manat) məbləğində zərər dəydiyi deyilir.
Qeyd edək ki, İlqar Məmmədov 1988-ci il Seul Olimpiadasında SSRİ adından, 1996-cı il Atlanta Olimpiadasında Rusiya adından Olimpiya çempionu olub. Onun aktivində 1989-cu ilin dünya çempionluğu da var.