Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Həsənovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti və protest üzrə məhkəmə başa çatıb.
Bu barədə Teleqraf.com-a Emin Həsənovun vəkili Əli Hüseynov məlumat verib.
Vəkil bildirib ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti və zərərçəkmişin şikayəti təmin edilməyib.
Onun sözlərinə görə, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Emin Həsənova bəraət verilib.
İttihama görə, bu il fevralın 4-də, saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobillə qadın vurulub. Qadın hadisə yerində ölüb.
Qəzanı törədən sürücü daha sonra hadisə yerindən qaçıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Həsənov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.