26 Dekabr 2018 11:28
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorluq Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, dekabrın 25-də saat 01 radələrində Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometirliyində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi dövlət qeydiyyat nişanı və markası məlum olmayan avtomobillə, piyada Qusar rayon sakini Bəhruz Koroğluyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilərək fotoşəkillər və sxem çəkilib, şahidlər dindirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat, məhkəmə-trosoloji və məhkəmə-lifli ekspertizaları təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı, 27-BS-827 dövlət qeydiyyat nişanlı avtomobillə törətməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər