Bakıda oteldə qətl törətməkdə təqsirli bilinən Günel Hüseynova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.
İttihama görə, ötən il iyulun 26-da Binəqədi rayonu ərazisindəki otellərin birində Sabunçu rayon sakini, 31 yaşlı Günel Hüseynova 25 yaşlı sevgilisi Vüqar Atakişiyevlə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.
Oteldə gecələyən zaman onların arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib.
Günel Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi əraziyə Binəqədi rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb edilib.
Günel Hüseynova isə elə hadisə yerindəcə saxlanılıb.
İlkin ifadəsi zamanı o, oğlanın ona evlənmək vəd etdiyini bildirib. Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşdə oğlanın onunla evlənmyəcəyini görərək onu öldürmək qərarına gəlib.
İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsini (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.