Mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Şahin Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
O, məhkəmədən sərbəst buraxılıb.
Qeyd edək ki, Şahin Tağıyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
İttihama görə, Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev ümumi mənimsənilən 1 milyondan artıq məbləğin 10 faizini şəxsən mənimsəməkdə günahlandırılır.
Müəyyən edilib ki, Şahin Tağıyev rəisi olduğu qovşaqda işlərin görülməsi üçün ayrılan vəsaitdən 168 min manatını mənimsəyib.
2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Qeyd edək ki, Şahin Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki ikimərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə endirilib.
Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.