1 Mart 2019 11:14
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirli bilinən Həmid Allahverdiyev, Murad Əliyev və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Həmid Allahverdiyev 10 il, Murad Əliyev və Ceyhun İsmayılov hərəsi 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin aprelin 4-də Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini Taleh Həşimov həmin gün saat 1:00 radələrində qəsəbə ərazisində dörd naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda quldurluğu törətməkdə şübhəli bilinənləri müəyyən edərək “isti izlər”lə saxlayıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov olduğu müəyyən edilib.

İlkin ifadələri zamanı onlar törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvü Həmid Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib.

Daha sonra bu barədə o biri yoldaşlarına məlumat verib. Onlar birlikdə zərərçəkəni kafedən çıxıb evə gedən zaman izləyib və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Həmid Allahverdiyev deyib ki, zərərçəkmişi kafedə görüblər: “Kafedə oturmuşdum. Birinin üstündə pul görüb, dostuma zəng vurdum. Dostum gəldi, kişini izlədik və evin qabağında vurub pulunu aldıq. 2700 manat pulun 1000-i mənə, 1000-i Ceyhuna, 700-ü də Murada çatıb”.

Digər təqsirləndirilən şəxs Ceyhun İsmayılov da törətdiyi cinayəti etiraf edib: “Həmid zəng elədi, getdik. Kişini izlədik, üçümüz də onu döyüb pulunu aldıq”.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər