Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə Əvəz Əhmədov son söz deyib.
O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib.
Daha sonra məhkəmə kollegiyası müşavirə otağına yollanıb.
Məhkəmə müşavirədən sonra gözlənildiyi kimi hökmü elan edilməyib.
Zala qayıdan hakim qeyd edib ki, iş üzrə çəhkəmə istintaq qismən təzələnib və işi araşdıran müstəntiq məhkəmədə dindiriləcək.
Bu səbəbdən məhkəmə bu gün saat 17.00-dək təxirə salınıb.
Qeyd edək ki, prokuror Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Əvəz Əhmədov Rəşad Tahirov və Hörmət Əsgərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.
Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.