Facebook sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək pul tələb edən, qızları fahişəliyə cəlb edən Faiz Bastrakovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.
Bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı bu günlərdə müəyyən olunacaq.
İttihama görə, Bakı şəhər sakini Faiz Bastrakov Facebook sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən ilin dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib. Elandakı bütün bu yönəltmələr adi bir tələ yemi olub.
Faiz Bastrakov sadəcə, qızları və qadınları iş haqda “söhbət” adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.
O, qızlar və qadınların bəzilərini Facebookda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onlar şantaj edib.
Bundan başqa, Faiz Bastrakov bəzi qadınları güclü ruhi həyəcan təsiri altına düşməklə döyüb, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Faiz Bastrakovun barəsində Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilib.