13 Aprel 2019 12:00
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda pul borcu üstündə yaranan mübahisə zəminində həmyerlisinə xəsarət yetirməkdə təqsirləndirilən 1953-cü il təvəllüdlü Üzeyir Bilalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, o, Ramil Məmmədovla pul borcu üstündə mübahisə edib.

Ramil Məmmədov ona verdiyi 1800 manat pulunu qaytarılmasını tələb edib. Amma Üzeyir pulu qaytarmaq istəməyib. Mübahisə davaya çevrilib, Üzeyir Bilalov bıçaqla ona xəsarət yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Üzeyir Bilalov bildirib ki, hadisə baş verən günü Cümə məscidinin qarşısında Ramil ona yaxınlaşıb: “Ramil mənə 2014-cü ildə pul verdiyini, mən də Ramilə pul vermədiyini bildirdim. Bundan bir müddət sonra Ramil Məmmədovun ona xəsarət yetirməyimlə bağlı Masallı rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini bildim.

Mənim Ramillə əvvəllər aramızda heç bir düşmənçiliyim və ədavəti olmayıb”.

Təqsirləndirilən şəxs bildirib ki, Ramil hadisə günü onun evinə gəlməyib, ümumiyyətlə belə bir hadisə olmayıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ramil Məmmədov deyib ki, 2007-ci ildən etibarən epilepsiya xəstəliyindən əziyyət çəkir, buna görə də mütəmadi müalicə olunur.

Ramil Məmmədov qeyd edib ki, bununla bağlı 2014-cü ilin əvvəllərində özünə pensiya düzəltdirmək üçün DSMF-nin Masallı rayon şöbəsinə gedib, orada əvvəllər tanıdığı Üzeyir Bilalovla rastlaşıb: “Üzeyir məndən nə üçün orada olduğumu soruşdu. Üzeyirə özümə pensiya düzəltdirmək istədiyimi bildirdim.

Üzeyir də həmin idarədə işlədiyini, mənə birinci qrup əlil kimi pensiyaya çıxaracağını dedi. Məndən bunun qarşılığında 1800 manat istədi. Mən də həmin pulu düzəldərək, ona verdim”.

Zərərçəkmiş daha sonra pensiya məsələsinin həll olunmadığını, bu səbəbdən aralarında narazılıq yarandığını, sonda qanlı olayın baş verdiyini deyib.

Masallı rayon Məhkəməsinin hökmü ilə Üzeyir Bilalov aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. O, Ramil Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxs də apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Nə təqsirləndirilən şəxsin, nə də zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin olunub.


Müəllif: Hacı Zeynalov