Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.
Bakı Hərbi Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, hazırlıq iclası mayın 1-nə təyin edilib.
***
14:34
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.
Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Bunlar iş adamları - Sahib Qurbanov, Elşən Tağıyev, Maqsud Mahmudov, Tural İsgəndərli, Şövqü Əhmədov, Tağı Əhmədov, Zaur Əzimovdur.
Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.