Dövlət əmlakını mənimsəməkdə, hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun istintaqa verdiyi ifadəsi məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüqar Mahmudov ifadəsində dövlət əmlakını mənimsəmə, iş adamlarından, eləcə də tanınmış şəxslərdən hədə-qorxu yolu ilə pul tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədilmə, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ittihamları ilə özünü təqsirli bilməyib.
Vüqar Mahmudov bildirib ki, 2000-ci ildə Azərbaycan İqtisad Universitetinin Dövlətin hüquqi idarəetməsi fakültəsinin bitirib, 2001-2004-cü illərdə daxili işlər orqanlarında, 2004-cü ildən 2015-ci ilədək isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləyib: “Sonuncu iş yerim Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsi olub. 2015-ci ilin oktyabrın 25-də polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışam”.
Vüqar Mahmudov qeyd edib ki, biznesmen Maqsud Mahmudovu tanımayıb: “Onunla bağlı MTN-də hər hansı araşdırma aparılmasından, o cümlədən 2015-ci ilin iyul-sentyabr aylarında həbs olunmaması və barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində Antiterror Mərkəzinin vəzifəli şəxsləri vasitəsi ilə 120 min ABŞ dolları pul verməsindən məlumatım yoxdur.
Qeyd olunan pulun 70 min dolları hissəsi mənə verilməyib”.
Vüqar Mahmudovun sözlərinə görə, Rafiq Səfərovun Tural İsgəndərlini qanunsuz saxlayıb, MTN-in Xəzər rayon şöbəsinə aparması, orada saxlanılması barədə ona məruzə olunmasını xatırlamır: “MTN-in Xəzər rayon şöbəsinin vəzifəli şəxslərinin Tural İsgəndərlidən 10 min ABŞ dolları, 500 manat almalarından, Rafiq Səfərovun MTN-in Binəqədi rayon şöbəsində siqaret qaçaqmalçılığı ilə məşğul olan şəxslər barəsində əməliyyat keçirməsindən məlumatım olmayıb.
Rafiq Səfərova siqaret qaçaqmalçılığı ilə bağlı əməliyyat keçirməsi, eləcə də onun tərəfimdən saxlanılmış siqaretlərin buraxılması barədə tapşırıq verməmişəm”.
Vüqar Mahmudovun ifadəsinə görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və digərləri ilə əməliyyat-axtarış tədbirlərinin icrası adı ilə zərurət olmadan nazirliyin xəzinəsindən 2.971.300 manat pul vəsaitinin ələ keçirilərək mənimsənilməsindən dəqiq məlumatı yoxdur.
Vüqar Mahmudov qeyd edib ki, Tağı Əhmədovu Bakı Metropoliteninin sabiq rəisi kimi tanıyıb: “Onunla şəxsi münasibətlərim olmayıb, onunla heç vaxt görüşməmişəm, telefonla danışmağımı xatırlamıram. Tağı Əhmədovla danışaraq problemini Akif Çovdarovla həll etməsinə dair sabiq nazir Eldar Mahmudovun göstərişini ona çatdırmağımı dəqiq xatırlamıram.
Akif Çovdarov və digərlərinin hədə-qorxu yolu ilə Tağı Əhmədovun 3.000.000 manatını ələ keçirməsi barədə məlumatın yoxdur. Ümumiyyətlə Tağı Əhmədovdan hər hansı məbləğdə pul alınmasına inanmıram və mənə həmin puldan heç nə verilməyib”.
Vüqar Mahmudov iş admalarının qanunsuz dinlənilmələri, Maqsud Mahmudov, Zaur Əzimov, Sahib Qurbanovun, külli miqdarda pul vəsaitlərini və əmlaklarının ələ keçirməsi barədə sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.