24 Aprel 2019 12:03
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Laçın rayonunun Güləbirt kəndində anadan olmuş 1992-ci il təvəllüdlü Fəxrəddin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Əhməd Zeynalov əmisi oğlu Maariflə birlikdə həmyerliləri Zavur Rəhimovun Abşeron rayonu Xırdalan şəhərində icarə əsasında işlətdiyi “Naxçıvan Mətbəxi” adlı kafesində yeyib içiblər.

Amma hesabı ödəmədən kafeni tərk etmək istəyiblər. Kafe sahibi Zavur Rəhimov onların qarşısını kəsib, Əhməd Zeynalovdan 18 manat hesab tələb edib. Onların arasında mübahisə yaranıb.
Əhməd Zeynalovun yanında olan əmisi oğlu Maarif Zeynalov kafenin digər işçisi Fəxrəddin Bəylərovu söyüb-təhqir edib.

Qəzəblənən Fəxrəddin Bəylərov üstündə gəzdirdiyi bıçaqla Maarif Zeynalovun qarın nahiyəsindən bir zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Fəxrəddin Bəylərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrlik etdiyi kollegiyada baxılıb. Fəxrəddin Bəylərov 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində istintaq dövründə seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

Hökmdən narazı qalan Fəxrəddin Bəylərov apelyasiya şikayəti verib. O, bildirib ki, özündən asılı olmayan səbəbdən bu cinayəti törədib:

“Çünki zərərçəkmiş şəxs şəhidlərin ruhunu təhqir etdiyi, özüm də şəhid övladı olduğum üçün bilmədən bu hərəkətə yol vermişəm. Əməlimdən peşimanam”.

Təqsirləndirilən şəxs deyib ki, ailədə ondan başqa çörək pulu qazanan yoxdur, qardaşı ağır yataq xəstəsidir.

Fəxrəddin Bəylərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Fəxrəddin Bəylərovun şikayəti qismən təmin olunub və onun cəzası 2 il 8 ay 26 günə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər